Psixoterapiyada Seans Ödənişinin Psixoloji Və Etik Əsasları
"Psixoloq mənə pul alaraq qulaq asırsa, bu münasibət necə səmimi ola bilər?"
Gündəlik həyatımızda kimsə bizə pul qarşılığında diqqət göstərəndə bu bizə süni və ya qeyri-səmimi gələ bilər. Bu səbəbdən, terapiya prosesinə başlayarkən və ya proses əsnasında belə bir sualın yaranması tamamilə təbiidir.
Lakin psixoterapiya adi bir dostluq söhbəti və ya ödənişli sosial diqqət deyil. Əksinə, dəqiq qaydaları, etik sərhədləri və klinik çərçivəsi olan terapevtik aliansdır.
Seans ödənişi təkcə böyüklərin dünyasına aid bir fəaliyyət deyil. Uşaq psixoanalizinin banilərindən olan Melanie Klein və onun davamçıları seanslarda uşaqlardan simvolik olaraq kiçik bir şey məsələn, bir konfet gətirmələrini istəyərdilər.
Niyə? Çünki uşaq belə özündən bir pay verərək prosesə daxil olur, müalicənin məsuliyyətini hiss edir və terapevtə emosional olaraq "borclu" qalmadığını anlayırdı.
Psixodinamik Baxış: Ödəniş Pasiyentə Emosional Azadlıq Verir
Psixodinamik nəzəriyyəyə görə, seans ödənişi pasiyenti daxili borcluluq hissindən azad edən ən vacib alətdir.
Əgər psixoloq sizi pulsuz dinləsəydi, şüurdankənar olaraq özünüzü ona borclu hiss edərdiniz. Bu minnətdarlıq və ya məcburiyyət duyğusu isə terapiya otağında rahatlıqla qəzəbinizi, mənfi hisslərinizi, müqavimətinizi və terapevtə qarşı narazılığınızı ifadə etməyə mane olardı. Ödəniş pasiyentə terapevt qarşısında tam emosional azadlıq və bərabərlik qazandırır.
Müasir Terapiya Və Bağlılıq: Pul Öz İnkişafınıza Yatırılan İnvestisiyadır
Müasir psixoterapiya metodlarına (xüsusilə Koqnitiv-Davranış Terapiyasına) görə dəyişikliyin əsas şərti pasiyentin prosesə həqiqi bağlılığıdır.
Klinik tədqiqatlar göstərir ki, insan maddi resurs ayırdığı proseslərə müqayisəolunmaz dərəcədə daha ciddi yanaşır. Ödəniş etdikdə terapiyada verilən tapşırıqları, özünümüşahidə məşqlərini və dəyişiklik addımlarını daha məsuliyyətlə yerinə yetiririk. Pul bu mənada insanın öz şəxsi inkişafına etdiyi bir investisiyadır.
Terapevtin Sərhədləri Və "Vicdan Yorğunluğu" Riskindən Qorunma
Nəzərə almaq lazımdır ki, psixoloqun da emosional və zehni resursları məhduddur.
Ödəniş psixoterapevtin öz təməl ehtiyaclarını qarşılamasına və peşəkar resurslarını superviziya, şəxsi terapiya, elmi konfranslar və təlimlər ilə bərpa etməsinə imkan verir. Bu sistem olmadıqda terapevtdə peşəkar tükənmə və vicdan yorğunluğu yaranır. Müntəzəm ödəniş terapevtin hər seansda təmiz zehinlə və tam gücü ilə yalnız sizin daxili dünyanıza fokuslanmasını təmin edir.
Empatiya Pul ilə Alına Bilərmi?
Psixoloq ödənişi sizə göstərdiyi empatiyaya görə almır; ayırdığı vaxta, klinik diqqətinə və peşəkar biliyinə görə alır.
Empatiya, anlayış və insani diqqət pul ilə alına bilməz. Pul sadəcə bu empatiyanın təhlükəsiz, bərabərhüquqlu, peşəkar və etik bir çərçivədə yaşanması üçün sağlam şərait yaratmış olur.
Psixoloji dəstək almaq hər bir fərdin təməl haqqıdır. Maddi imkanı məhdud olan şəxslər bu xidməti dövlət müəssisələrindən və müvafiq sosial dəstək mərkəzlərindən ödənişsiz şəkildə ala bilərlər.
Şəxsi klinik təcrübəmə gəldikdə isə: Peşəkar fəaliyyətimin 8 ili boyunca hər zaman paraleldə azı 1 pasiyentlə ödənişsiz terapiya prosesimiz olub və davam edir. Bu, bir mütəxəssis olaraq mənim cəmiyyətə mənəvi borcum və peşəkar sosial məsuliyyətimdir.
Terapiya üçün ödədiyiniz məbləğ sizin öz həyatınıza verdiyiniz dəyərin, təhlükəsiz sərhədlərin və azad ifadə mühitinin təminatıdır.