FiruzaGanizada

Stress, travma, təşviş və münasibət çətinliklərinin öhdəsindən gəlmək üçün ilk addım: [Ödənişsiz Konsultasiya]

Depersonalizasiya nədir? Niyə özümüzü yuxudaymış kimi hiss edirik?

Depersonalizasiya, insanın özünü bədənindən və düşüncələrindən ayrı hiss etdiyi zamanları ifadə edir. Bu vəziyyəti yaşayan insanlar özlərini kənardan bir film kimi izləməyə və ya bir yuxunun içində yaşamağa bənzədirlər. İnsan özünü bədəninin xaricində hiss edir və həm xarici, həm də daxili dünyasını özünə yox, başqa bir insana aidmiş kimi izləməyə başlayır. Çox vaxt buna ətraf mühitin süni görünməsi (derealizasiya) də müşayiət edir.

Bəs nə üçün belə bir halla qarşılaşılır?

Depersonalizasiya, əslində beynin özünü həddindən artıq emosional yükdən qoruma instinktinin nəticəsidir. Ağır depressiya, panik atak və ya xroniki təşviş halında beyin o qədər normadan artıq çalışır ki, bir müddət sonra özünü bu ağır hisslərdən təcrid edir. Nəticədə insan təşviş hissindən uzaqlaşsa da, ortaya yeni və qorxulu bir yadlaşma hissi çıxır.

Bu yeni vəziyyət insanın narahatlığını azaltmaqdansa, "Ağlımı itirirəm?" qorxusuna səbəb olur. Lakin unutmayın: Depersonalizasiya zamanı reallıq hissi pozulmur. İnsan bu vəziyyətin normadan kənar olduğunu anladığı üçün təşvişə düşür, bu isə psixozda olmadığınıza, sadəcə sinir sisteminizin həddindən artıq yorulduğuna işarədir.

Səbəblər nədir?

  • Erkən yaşda və ya yetkinlikdə yaşanan travmatik hadisələr (ölüm, qəza, təbii fəlakət)

  • Fiziki, emosional və ya cinsi zorakılıq

  • Xroniki təşviş pozuntuları və panik atak

  • Hallusinogen maddə və psixoaktiv vasitələrin istifadəsi

  • Epilepsiya və bəzi şəxsiyyət pozuntuları

Kəskin anlarda nə etməli? (Grounding Texnikaları)

Əgər həmin anda bədəninizdən qopduğunuzu hiss edirsinizsə, duyğu üzvlərinizi təcili işə salaraq beynə "Mən buradayam və təhlükəsizlikdəyəm" siqnalı göndərməlisiniz:

  • Əlinizdə bir neçə buz parçasını sıxın və ya üzünüzə soyuq su vurun.

  • Kəskin ətirli ədviyyatları (qərənfil, darçın, qəhvə) qoxulayın.

  • Sərt və turş konfetlər dadın.

  • Tanış bir musiqi açaraq sözlərini bərkdən zümzümə edin.

  • Ayaqlarınızı bərk yerə basın və toxunduğunuz səthlərin teksturasına fokuslanın.

Bu üsullar təşviş halında reallığa qayıtmağa kömək edən müvəqqəti resurslardır. Depersonalizasiyanın kökündə duran travma və ya təşvişi aradan qaldırmaq üçün köklü həll yolu psixoterapiya prosesidir.