Psixoterapiya nədir?
Bir çox insan psixoloqa gedəndə birbaşa həll yolu eşitməyi gözləyir. Bu təbii istəkdir, hər kəs tez bir zamanda rahatlıq arzu edir. Amma peşəkar psixoterapiya daha dərinə işləyir, sadəcə davranışa deyil, davranışı yaradan köklərə toxunur.
Psixoterapiya psixoloji və
emosional narahatlıqların psixoterapevt ilə danışaraq müalicəsini əhatə edən
üsulların ümumi adıdır. İlkin məqsədi müraciət edən şəxsi tanımaq və özünə
tanıtmaqdır. İnsanlara şəxsi həyatlarında xoşbəxt ola bilmək üçün nələr etməli
olduqlarını kəşf etdirir. Dəyişkən hallarla və problemlərlə mübarizə etməyin
sağlam yollarını öyrədir.
Terapiyada həyatınız filmlərdəki
kimi bir anda dəyişmir, özünüzə vaxt və əmək sərf etdikcə yavaş-yavaş dəyişir. Psixoloq
sizə problemlərinizi həll etmək üçün nə edəcəyinizi demir. Düzgün suallar verməklə
sizə həll yolları tapmağa şərait yaradır.
Bəs psixoterapiya nə deyil?
Psixoterapiya birinin üzərində
tətbiq edilən bir proses deyil, iki nəfərin birlikdə hərəkət etdiyi bir
prosesdir. Müraciət edən şəxsə intellektual məlumat verilən bir proses deyil. Birlikdə
kədərlənilən, tərəf tutulan və pasiyentlə birlikdə üçüncü şəxslərin
günahlandırıldığı bir proses deyil. Sadəcə dərdlərin, travmaların danışıldığını
bir proses deyil.
Psixoterapiya
prossesi çox zaman məsləhət verilən bir yer olaraq düşünülür. Bu psixoterapiya
haqqında bilinən yanlışlardan biridir. Psixoterapiya məsləhət verilən bir proses deyil. Ağıl öyrədilən, başqalarının həyatlarına
müdaxilə edilən bir proses deyil.
Məsləhət almaq insana rahatlıq verə bilər, psixoterapiya isə daha dayanıqlı dəyişiklik
yaradır. Əsas fərq budur: Məsləhət davranışı söyləyir, terapiya davranışın
arxasındakı səbəbi araşdırır.
Bəs psixoterapiya zamanı nə vaxt konkret məsləhətə
bənzər nümunələr verilir?
Psixoloq ümumiyyətlə həyatını necə yaşamalı
olduğunuzu demir, amma:
- Kritik vəziyyətində təhlükəsizlik yönümlü
konkret addımlar danışılır,
- Psixoedukasiya zamanı məlumat və bacarıqlar
verilir (məs., nəfəs texnikası),
- Davranış planı hazırlayanda konkret tapşırıqlar
verilə bilər.
Bunlar da psixoterapiyada əsas məqsəd deyil,
prosesin bir parçasıdır.
Məsləhət və psixoterapiyanın hər ikisi öz yerində
faydalıdır, amma terapiyanın məqsədi insanın özünü anlaması və öz qərarlarını
verəcək gücün qazanılmasıdır.
Bəs psixoterapiya necə işləyir?
Psixoterapiya zamanı insan
yeni bir fərqindəlik qazananda və ya köhnə problemlərə fərqli bucaqdan baxmağı
öyrənəndə beynində sinir hüceyrələri (neyronlar) arasında yeni əlaqələr,
cığırlar qurulur. Bu proses sinaptogenez adlanır.
Beynimizdə hər bir vərdiş və
ya düşüncə tərzi bir neyron cığırıdır.
Məsələn, əgər illərdir
"mən yetərsizəm" deyə düşünmüsünüzsə, beyninizdə bu cığır artıq böyük
bir magistral yola çevrilir. Terapiyada verilən suallar və fərqli baxış
bucaqları yeni bir düşüncə cığırı açmağa səbəb olur. Hər seansda bu yeni
cığırla getdikcə, köhnə "mən yetərsizəm" yolu zəifləyir.
Buna Neyroplastiklik
deyilir. Neyroplastiklik beynin təcrübə,
öyrənmə və ətraf mühitə reaksiya olaraq özünü yenidən formalaşdırma qabiliyyətidir.
Uzun illər beynin,sinir hüceyrələrinin uşaqlıqdan sonra dəyişməz qaldığı
düşünülürdü, lakin müasir neyroelmdə aparılan tədqiqatlar sübut etdi ki, biz
yaşlandıqca belə beyin yeni neyron əlaqələri qura və köhnələrini silə bilər.
Neyroplastiklik bir gecədə
baş vermir. Bu dəyişim üçün zaman və təkrar lazımdır. Buna görə də
psixoterapiyada davamlılıq şərtdir.
İnsanın keçmişi, travmaları və ya yaşadıqları onun
taleyi deyil. Beynin plastikliyi sayəsində insan hər yaşda özünüzü yenidən
formalaşdıra bilər. Bunun ən bariz nümunələrindən biri də psixoterapiyadır.
Klinik psixoloq Firuzə Qənizadə